Bank Respublikanın əməkdaşı vətəndaşa qarşı dələduzluq edib? – Video
Redaksiyamıza müraciət edən Cəlilabad rayon sakini Nəziyev Ramin Atabala oğlu qeyd edir ki, həyat yoldaşının adına rəsmiləşdirməklə 20.000 AZN kredit götürmək üçün Bank Respublikanın Biləsuvar filialına müraciət ediblər.
Söhbət əsnasında filialın əməkdaşı Bədəlov Fəqan və Vüsal adlı əməkdaş 20 min manat kreditin ayrılmasına şifahi razılıq veriblər. Lakin guya tutulacaq olan 2000 AZN komissiyasının əvvəlcədən, nağd şəkildə ödənilməsi lazım olduğunu deyiblər.
Şikayətçi qeyd edir ki, onlar deyən 2000 AZN məbləği onlara nağd şəkildə ödəyəndən sonra onun kart hesabına 20 min manat deyil 10 min manat kredit köçürülüb. Niyə 10 min manat köçürüldüyün soruşanda bank əməkdaşları qeyd edib ki, qalan 10 min manatı növbəti ay alacaqsan. Növbəti ay 10 min manatı çıxaran zaman daha 780 AZN komissiya tutulduğunu görüb.
Vətəndaş deyir ki, mənə 2780 AZN ziyan dəyməsinə baxmayaraq 5-6 ay kreditimi gecikdirmədən ödədim.
Bunu görən bank əməkdaşları mənə yenidən 35 min manat kredit ayıra biləcəklərini dedilər.
Şərt olaraq əvvəl verilən 20 min manatın tam ödənilməsi deyildi.
Şikayətçi qeyd edir ki, onlar dediyi qaydada 20 min manatı borc alaraq banka olan öhdəliyini tam icra edib.
Sonradan 35 min manat kredit alacağını düşünən vətəndaş burada da aldadılaraq yenidən 3500 AZN "xidmət haqqı"nı nağd şəkildə bankın əməkdaşı Fəqan Bədəlova verib.
Xidmət haqqı adı ilə alınan 3500 AZN pulu bank əməkdaşına verdiyini deyən vətəndaş sonradan vəd olunan 35 min manat kreditin ona verilmədiyini, 3500 AZN məbləğində qanunsuz alınan ödənişin geri qaytarılmadığını və ümumilikdə 7220 AZN ona ziyan vurulduğunu qeyd edir.
Ölkə rəhbərliyinə müraciət edən vətəndaş bank tərəfindən çətin vəziyyətə salındığını və intihar həddinə çatdığını bildirir.
Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq